"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov komandasının UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Torpedo" (Kutaisi) ilə qarşılaşmaq istəmədiyini bildirib.
Oxu.Az xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında danışıb.
O, gürcüstanlı rəqibin tarixi ənənələrə malik olduğunu vurğulayıb: "Püşkdən əvvəl "Torpedo" ilə qarşılaşmaq istəmirdik. Onların təcrübəli baş məşqçisi və zəngin tarixi ənənələri var. Gürcüstan çempionatında inamlı çıxış edirlər və avrokubok təcrübələri mövcuddur. Amma hər şey bizim üçün uğurlu alındı və mərhələni adladıq".
Baş məşqçi səfərdə rəqibinə 0:3 hesabı ilə qalib gəldikləri cavab oyunu barədə də fikirlərini bölüşüb:
"Rəqibin oyunun əvvəlində sistemini dəyişməsi bizim üçün gözlənilməz oldu. Bir çox matçlarını təhlil etmişdik, heç birində belə oynamırdılar. İlk dəqiqələrdə bu sistemə qarşı oynamaqda bir qədər çətinlik çəkdik. Amma futbolçular yaxşı reaksiya verdilər və rəqibin təhlükəli hücumlarının qarşısını aldılar. Dəqiqələr ötdükcə oyunu bərabərləşdirə, daha sonra isə üstünlüyü ələ ala bildik. İlk hissədə vurduğumuz iki qol çox vacib idi. Futbolçuları, klub rəhbərliyini və azarkeşləri təbrik edirəm".
Xatırladaq ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" klubu ilə üz-üzə gələcək.