Hakim və müşahidəçilərdən ibarət 7 nəfərlik qrup Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu və federasiyanın Hakimlər Komitəsinin sabiq sədri Ferhat Gündoğdu barəsində İstanbul Baş Prokurorluğuna rəsmi şikayət ünvanlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən şəxslərə qarşı böhtan və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə cinayət işinin açılması tələb olunub.
Təqdim edilən ərizədə bildirilib ki, TFF rəsmiləri öz səlahiyyətlərindən istifadə edərək əsassız iddialarla hakimləri və müşahidəçiləri vəzifələrindən kənarlaşdırıb, onların peşəkar nüfuzuna xələl gətiriblər.
Prokurorluğa təqdim olunan sənədlərdə "hakimlər işi" çərçivəsində həbs edilən Ferhat Gündoğdunun rəqəmsal cihazlarında tapılan "WhatsApp" yazışmaları da öz əksini tapıb. İddialara əsasən, TFF prezidenti Ferhat Gündoğduya bəzi hakimlərin terror təşkilatı ilə əlaqələndirilməsi və vəzifədən uzaqlaşdırılmaları üçün tapşırıq verdiyi, komitə rəhbərinin isə bu göstərişi icra etdiyi vurğulanır.