"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsi fəaliyyət istiqamətləri üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi və texniki dəstək xidmətlərinin göstərilməsi ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 13 milyon 829 min manat təşkil edir.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində agentliyin mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi və texniki dəstəyinin təmin edilməsi nəzərdə tutulur.
Texniki dəstək göstəriləcək sistemlər arasında "Fərqlənmə nişanı" altsistemi, "Taxoqraf" altsistemi, iriqabaritli və/və ya ağırçəkili nəqliyyat vasitələrinə icazələrin verilməsi, "İş axınının idarəolunması altsistemi" - BPMS altsistemi, elektron bildirişlərin göndərilməsi və göndərilən bildirişlərin qeydiyyatının aparılması, "e-Daşıyıcılar" altsistemi yer alır.