"Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) Beynəlxalq Telekommunikasiya İttifaqına üzv dövlətlərdən 184 təşəbbüs daxil olub".
Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, iki həftə ərzində plenar görüşlərdə, komitələrdə bu təşəbbüslər müzakirə olunacaq və tədbirin sonunda onlar təsdiqlənəcək:
"Tədbirdə hazırda, təxminən, 2 500 qeydiyyat baş tutub. Qeyd edim ki, bu rəqəm artıq Beynəlxalq Telekommunikasiya İttifaqı üçün tarixi bir rekord sayılır. Həmçinin 60-dan çox nazir və nazir müavini səviyyəsində rəhbər şəxslərinin iştirakı təsdiqlənib".
Nazir müavini vurğulayıb ki, tədbirin iki həftəlik proqramı kifayət qədər geniş və maraqlıdır:
"Tədbirin plenar iclaslarında müzakirə olunacaq məsələlər hazırda kifayət qədər aktual hesab olunur. İstər kibertəhlükəsizlik, istər süni intellektin inkişafı, süni intellektdən etik istifadənin dəstəklənməsi, mobil və peyk rabitəsinin konvergensiyası, o cümlədən kiçik dövlətlər, kiçik ada dövlətləri, inkişaf etməkdə olan dövlətlərə, beynəlxalq İKT cəmiyyətinin dəstəyini nəzərdə tutan müzakirələr olunacaq. Tədbir çərçivəsində növbəti dörd il üçün BTİ-nin dünya üzrə telekommunikasiyanın inkişafına dair proqramı, prioritetləri və istiqamətləri təsdiq olunacaq və həmçinin Bakı deklarasiyası ilə təsdiqlənəcək".
Aygün Mirakif