“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyevin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant layihəsi əsasında 20-28 oktyabr tarixlərində Bakı şəhərində "Vikipediya" təlimləri keçirilib.
Oxu.Az xəbər verir ki, layihənin əsas məqsədi "Vikipediya"da Azərbaycanla bağlı əhəmiyyət kəsb edən məqalələrin monitorinqi, onların redaktəsi və yeni məqalələrin əlavə edilməsidir.
"Vikipediya"nın könüllü istifadəçilər tərəfindən yaradılan bir layihə olması nəzərə alınaraq, qrant layihəsinin məqsədlərinə uyğun fəaliyyəti yerinə yetirməyə hazır olan 30 nəfər könüllü dinləyici üçün təlimlər keçirilib.
Hər birində 15 nəfər olmaqla, 2 qrup şəklində keçirilən təlimlərdə iştirakçılara "Vikipediya" onlayn ensiklopediyası və Azərbaycanda Vikimedia hərəkatı barədə ümumi məlumat verilib, "Vikipediya"da redaktə etməyin və məqalə yaratmağın qaydaları izah edilib.
İştirakçılardan 10 nəfər "Vikipediya"da fəal iştirakına görə sertifikat və hədiyyələrlə mükafatlandırılıb. Həmçinin, layihə çərçivəsində videodərsliklərin hazırlanması da nəzərdə tutulub.