"Bu gün əmək müqaviləsində İKT sahəsinin payı 34 000-ə çatır".
Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbə və məzunları üçün keçirilən "İKT Karyera Sərgisi"ndə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov deyib.
Sədr müavini əlavə edib ki, dünyada gələcəyin əmək bazarına yönəlmiş çox fərqli yanaşmalar mövcuddur: "Bununla bağlı geniş hesabatlar yayımlanır, təhlillər aparılır, proqnozlar verilir. Belə ki, Dünya İqtisadi Forumunun 2025-ci il hesabatında deyilir ki, növbəti 5 il ərzində dünyada əmək bazarında 22% ixtisaslar strukturunu dəyişəcək. Şirkətlərin 39%-i bacarıq boşluğundan transformasiyanı doğru icra edə bilməyəcək. Odur ki, bu çağırışlara doğru cavab vermək üçün bacarıq boşluğunu aradan qaldıran proqramlara, yanaşmalara zərurət var. Ona görə də dünyada istər dövlət, istər özəl, istər korporativ, istər fərdi müstəvilərdə buna xüsusi yanaşma mövcuddur".
O vurğulayıb ki, 2020-ci ilə qədər əmək müqaviləsində İKT sahəsinin payı 26000 idi: "Bu gün artıq bu göstərici 34000-ə çatır. Bizim intensiv peşə hazırlığı kurslarımızdan, prioritet peşələrdən 27-si məhz informasiya, kommunikasiya texnologiyalarına həsr olunur ki, gənclər işə götürənlərin tələblərini daha tez mənimsəməsi, adaptasiyasını daha tez keçməsi üçün bu bacarıqlara, bu səriştələrə sahib olsunlar".
Qeyd edək ki, İRİA-nın təşkilatçılığı ilə keçirilən "İKT Karyera Sərgisi"ndə ali təhsil müəssisələrinin tələbə və məzunları, həmçinin İRİA-nın təhsil layihələrinin məzunları daxil olmaqla 900-dən çox gənc iştirak edir. Onlar ölkənin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 20 aparıcı dövlət və özəl qurumunun nümayəndələri ilə görüş imkanı qazanırlar.
Məhərrəm Əliyev