Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazir səhiyyədə rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlı tapşırıq verdi - FOTO
Səhiyyə Nazirliyində “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu nəzdində yaradılmış “Rəqəmsal səhiyyənin tətbiqinin genişləndirilməsi” alt işçi qrupunun ilk iclası keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə səhiyyə, rəqəmsal inkişaf və nəqliyyat, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sahə üzrə məsul şəxsləri iştirak ediblər.
İclası giriş sözü ilə açan “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu və “Rəqəmsal səhiyyənin tətbiqinin genişləndirilməsi” alt işçi qrupunun rəhbəri, səhiyyə naziri Teymur Musayev diqqətə çatdırıb ki, imzalanmış Fərmanda səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, rəqəmsal səhiyyənin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib.
O, elektron səhiyyənin inkişaf etdirilməsinə dair təkliflərin üç ay müddətində hazırlanıb Prezident İlham Əliyevə təqdim edilməli olduğunu vurğulayıb:
“Bu məqsədlə dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, habelə mütəxəssisləri və ekspertləri cəlb etməklə “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu və onun səhiyyə sahəsində əsas fəaliyyət istiqamətləri üzrə alt işçi qrupları yaradılıb”.
İşçi qrupunun rəhbəri səhiyyə sisteminin təkmilləşdirilməsini ölkəmiz üçün prioritet məsələ olduğunu da qeyd edib:
“Son zamanlar dövlət qurumlarında İKT sürətlə tətbiq olunur. Qabaqcıl ölkələrin təcrübələri göstərir ki, səhiyyənin gələcəyi yalnız rəqəmsallaşdırma üzərindən həyata keçiriləcək. Bunu nəzərə alaraq, rəqəmsallaşdırma sahəsində lider olan ölkələrin modellərinin tətbiqi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Məqsədimiz gələcəkdə Azərbaycan səhiyyəsinin qlobal geoinformasiya sisteminə inteqrasıyasına nail olmaqdır”.
Teymur Musayev həmçinin qeyd edib ki, hazırda elektron səhiyyə terminlərinin Azərbaycan dildə lüğətinin tərtib etməsi istiqamətində müvafiq işlər görülür.
Daha sonra alt işçi qrupunun üzvlərinin mövzu ilə bağlı fikirləri dinlənilib. Müzakirələrdən sonra içşi qrupun rəhbəri Teymur Musayev növbəti iclasda tərəflərin səhiyyənin rəqəmlaşdırmasına dair öz təkliflərini təqdim etmələrini tapşırıb.
Rəylər