ABŞ-da “Volterman” startapı sahibinin smartfonunu şarj edən və oğurluq baş verəcəyi təqdirdə oğrunun fotosunu çəkən “ağıllı” pulqabı hazırlayıb. Texnoloji məhsulun istehsalını təşkil etmək üçün startap “İndiegogo” kraudfandinq platformasında maliyyə toplamaq üçün kampaniyaya başlayıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “Volterman” smart-pulqabısı daxili batareya, kamera, GPS modulları, “Bluetooth”, Wi-Fi, bank kartlarını hakerlərin hücumundan qoruyan RFID-müdafiə və prosessorla təchiz edilib.
512 MB operativ yaddaşa, 32 GB daxili yaddaşa və rütubətdən müdafiəyə malikdir.
Pulqabı “Bluetooth” vasitəsilə smartfona qoşulur. Oğurluq halında pulqabının yerini GPS vasitəsilə izləmək mümkündür. Pulqabı açılanda avtomatik olaraq oğrunun fotosunu çəkərək sahibinin smartfonuna göndərir. Bundan başqa, pulqabı WiFi şəbəkəsinə də qoşula bilir ki, onun sayəsində səyahətlər zamanı internet xərclərini azaltmaq olur.
“Volterman” pulqabısı 2000 meqa/Amper/saatdan 5000 mAs-a qədər həcmə malik, 3 ölçüdə batareyalara malik olacaq. Onun köməyi ilə smartfonlar şarj ediləcək.
Tərtibatçıların layihə üçün 45 min dollara ehtiyacı olmasına rəğmən, artıq 260 min dollardan çox vəsait toplanıb. Pulqabının minimal qiyməti 98 dollar təşkil edəcək.
L.Ə.