Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı karate üzrə Avropa və Dünya çempionu, Avropa Oyunlarının qalibi Ayxan Mamayevdir.
- Avropa Oyunlarının qalibi Ayxan, hər kəs səninlə maraqlanır, səni soruşur. Özünü təqdim elə səni tanısınlar.
- Mən - Ayxan Mamayev 1991-ci il dekabr ayında Bakıda anadan olmuşam. Sadə ailədə böyümüşəm. Atam tikinti ilə məşğuldur, anam dərzidi, qardaşım isə uzun müddətdir ki, Türkiyədə yaşayır.
Uşaqlıqda hər uşaq kimi nadinc idim, amma bir az böyüdükdən sonra anamın zəhmi mənə bəs elədi. Onun ciddiliyi, zəhmi ilə artıq biz özümüzü yığışdırırdıq. 7 yaşımdan idmana başladım. Elə ilk dəfə karate ilə məşğul oldum, bu idman növüylə də davam edirəm. Artıq 17 ildir ki, idmanla məşğulam. 271 saylı məktəbdə oxumuşam. Ən çox “Riyaziyyat” fənnini yaxşı bilirdim, elə ona görə də Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Kompüter elmləri ixtisasına qəbul oldum.
- Bilirik ki, Avropa Oyunlarına hər idman növü üzrə xüsusi proqramla hazırlaşırlar. Karate Federasiyası necə hazırlaşmışdı və nəticədən razısanmı? Yəni ümumi olaraq.
- Artıq il yarım idi ki, biz hazırlaşırdıq, ancaq yanvar ayından daha ağır qrafiklə hazırlaşırdıq. Asan deyilən bir məqam yox idi, çox çətin, məsuliyyətli yol keçdik.
Türkiyədə, Qətərdə, Almaniyada məşq toplantılarında olduq, yaxşı da nəticə göstərdik.
- Tatamiyə çıxmazdan əvvəl necə olacağını bilirdin?
- Çətin olacağını bilirdim. Çətin də oldu, gərgin keçdi.
1-ci yunan idmançı idi, çətin idmançı idi. Görüş çox gərgin keçdi. İkinci ukraynalı idmançı oldu, belə olacağını gözləmirdim - nə oldusa elə ikincidə oldu, gözüm zədələndi, almacıq sümüyü sındı. Orda bildirmədim, əgər bildirsəydim hakim davam etməyə icazə verməyəcəkdi, ona görə o ağrıyla görüşü davam elədim. Dəhşət ağrılarım var idi, özümü pis hiss edirdim. Amma dözdüm, o an bütün günlərim, çətinliklərim gözümün önündən keçdi.
Üçüncü idmançı fransalı idi. Yarımfinalda Kosova idmançısı oldu. Finalda isə birinci görüşdüyüm yunan idmançısı oldu, o da finala qalmışdı, mən də. Elə oldu ki, mən qalib oldum. Finala çıxmamış anamı yığdım, səsimi eşidib ağladı, dedim ki, narahat olma, hər şey yaxşı olacaq. Və çıxdım qalib oldum. İnanırsan, bütün həyatım həmin an kino kimi gözümün önündən keçdi.
- Rafael, Firdovsi, İlahə, Niyazi, Şahin, Zarestka yer qazandı. Bəlkə də əziyyətinin nəticəsini görmədi.
- Rafael çempion oldu, Niyazi 3-cü oldu, Şahinin əziyyətinə təəssüflənirəm, o qədər əziyyət çəkdi, çox pis oldu. Şahin bizim üçün həmişə çempiondur. Biz medalsız qalanda, o həmişə medal gətirib.
- Qalib olduğun gün evə saat neçədə getdin?
- Gözüm zədələndiyi üçün həmin gün gedə bilmədim, Atletlər kəndinə getdik. Səhəri gün axşam getdim, evdə tanışlar, dostlar, qohumlar təbrik etmək üçün gəlmişdilər.
1-ci yer də, 2-ci yer də, 3-cü yer də qalibdir, amma himni səsləndirmək başqa hissdir. Himnimizi səsləndirmək arzusunda idim. O da qismət oldu.
Nərmin Kazımova
Foto: Nahid Ağazadə
www.oxu.az
Rəylər