2013-cü il ərzində Azərbaycanın rəqabət qabiliyyəti indeksi 4,41-dən 4,51-ə qalxıb və ölkəmiz dünya sıralamasında 7 pillə irəliləyib.
Oxu.Az xəbər verir ki, bunu İqtisadi İnkişaf Nazirliyinin (İİN) İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov “Vergilər” qəzetinə açıqlamasında bildirib.
Dünya İqtisadi Forumu dünya ölkələrinin rəqabətqabiliyyətliliyi səviyyəsini xarakterizə edən növbəti “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatını dərc edib.
Hesabatın hazırlanmasında statistik məlumatlardan və dünyanın 148 ölkəsində fəaliyyət göstərən iş adamları arasında sorğunun nəticələrindən istifadə edilib. Hesabata görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Beləliklə də son bir il ərzində Azərbaycanın rəqabət qabiliyyəti indeksi 4.41-dən 4.51-ə qalxıb və ölkəmiz dünya sıralamasında 7 pillə irəliləyib.
Sənəddə hər bir ölkə üzrə rəqabət qabiliyyətinin həm güclü, həm də zəif tərəfləri işıqlandırılır:
“Azərbaycan hesabatda bütün göstəricilər üzrə yaxşı nəticələr əldə edib. Ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında birinci mövqeyini saxlayıb. Respublikamız “makroiqtisadi vəziyyət” göstəricisi üzrə dünyada 8-ci, “əmək bazarının səmərəliliyi” göstəricisi üzrə isə 30-cu yerə layiq görülüb. Son bir il ərzində ölkəmiz “texnoloji səviyyə” göstəricisi üzrə 11 pillə, “makroiqtisadi sabitlik” və “maliyyə bazarının inkişafı” göstəriciləri üzrə isə 10 pillə irəliləyib. Hesabatda Azərbaycan bəzi alt göstəricilər üzrə ilk 20-liyə daxil olub. Ölkəmiz “inflyasiyanın illik səviyyəsi” üzrə 1-ci, “işəgötürmə və işdən azad etmə praktikası” üzrə 8-ci, “ümumi milli yığımın ÜDM-ə nisbəti” üzrə 10-cu, “ümumi dövlət borcunun ÜDM-ə nisbəti” üzrə 13-cü və “qabaqcıl texnoloji məhsulların dövlət satınalması” üzrə 14-cü yerdə qərarlaşıb”, - deyə, o bildirib.
Ədalət Muradovun bildirdiyinə görə, ümumiyyətlə, son illərdə Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış hesabatlarda nəticələri yaxşılaşıb.
“Belə ki, son 9 ildə ölkəmiz “Qlobal rəqabət qabiliyyəti indeksi” hesabatları üzrə 30 pillə - 2005-ci ildə 117 iqtisadiyyat arasında 69-cu yerdən 2013-cü ildə 39-cu yerədək irəliləyib. 2005-2013-cü illər ərzində Azərbaycanla yanaşı, MDB ölkələri arasında yalnız Qazaxıstan və Rusiyanın rəqabət qabiliyyəti indeksləri yüksəlib. Qazaxıstanın və Rusiyanın “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatları üzrə dünya sıralamasında mövqeləri 11 pillə yaxşılaşıb.
Qeyd edək ki, Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyin müəyyən olunması üçün 12 göstəricidən istifadə edir. Bunlar keyfiyyət, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ilkin təhsil, ali təhsil və peşəkar hazırlıq, əmtəə və xidmətlər bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabət qabiliyyəti və innovasiya potensialı üzrə meyarlardır.
Gülnarə Zeynalova
www.oxu.az