Dörd min nəfər əhalinin yaşadığı, 5 yaşayış məntəqəsini birləşdirən, payız və qış mövsümündə avtomobillərin çətinliklə hərəkət etdiyi İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinə start verilib.
Oxu.Az El TV-yə istinadən xəbər verir ki, ümumi uzunluğu 18 kilometr, eni 10 metr olan yolun qısa vaxtda istifadəyə verilməsi üçün ərazidə 10-dan artıq hamarlayıcı texnika – buldozerlər, avtoqreyderlər, özüboşaldan maşınlar işləyir. Bundan başqa əsas yol da genişləndirilir. Kənd sakinləri bu addımı yüksək qiymətləndirirlər.
Sakinlərin rahat hərəkətini, yolun təhlükəsizliyini təmin etmək üçün 3 yerdə 1000 millimetrlik beton və 8 yerdə 800 millimetrlik metal suötürücülərin qurulması nəzərdə tutulur. Hazırda ərazidə tikinti işləri getdiyindən sürücülər alternativ yollardan istifadə edirlər. İlin sonuna qədər yolun yüksək səviyyədə bərpa olunaraq sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.