Azərbaycan prezidenti İlham Əliyev ötən ilin sonunda növbəti il, yəni 2016-ci il üçün ciddi islahatlar anonsunu vermişdi.
“Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik”, - deyə Azərbaycan prezidenti qeyd etmişdi.
Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin SELEN Elmi-İstehsalat Birliyinin ləğv edilməsi isə onu göstərir ki, artıq bu sahədə işlər görülür.
2016-cı il üçün bu proses davamlı ola bilərmi?
Oxu.Az bu sual ətrafında yerli ekspertlərin fikirlərini öyrənib.
Milli Məclisin deputatı Vahid Əhmədov Oxu.Az-a bildirib ki, bu məsələ ilə bağlı artıq təkliflər Hökumətə verilib:
“Düşünürəm dövlət strukturlarında təkmilləşdirmə aparılmalıdır. Müəyyən qurumlar birləşdirilməlidir. Bazar iqtisadiyyatına, hazırda hökm sürən iqtisadi vəziyyətə uyğun Hökumət yaradılmalıdır ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yarana biləcək mənfi halları aradan qaldırmaq mümkün olsun.

Ona görə də, belə lazımsız qurumların ləğvi labüddür və mübsət haldır. Məsələ ilə əlaqədar isə artıq təkliflər səsləndirilib, çox güman ki, dövlət və hökumət o təklifləri qiymətləndirəcək”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd edib ki, neftin qiyməti enməyə başladığı dövrdən Azərbaycanda dövlət qurumlarının ləğvinin deyil, əlavə agentliklərin yarandığının şahidi oluruq:
“Neftin qiymətləri 2014-cü ildən iyunundan enməyə başladı. Rusiya, Qazaxıstan və s ölkələr bu addımı atdı. Amma Azərbaycanda isə biz bunun əksinin şahidi olduq. Əlavə agentliklər yaradıldı. Düşünürəm hökumət ciddi struktur islahatları aparmaqla effektivliyə nail ola bilər”.

O, həmçinin təklif edib ki, “ASAN xidmət”lə paralel olaraq eyni funksiyaları icra edən qurumlara dövlət büdcəsindən ödənişlər ixtisar edilməlidir:
“Azərbaycanda “ASAN xidmət” modeli özünü doğrulda bilib. Düşünürəm bu istiqamətdə addım atıla bilər”.
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz isə, məsələyə fərqli yanaşaraq qeyd edib ki, Azərbaycanda “Elektron hökumət quruculuğu” artıq bəzi sahələrdə ixtisarlara getməyi labüd edirdi:
“Böhran həmişə tələb edir ki, idarəetmədə xərclər azaldılsın. Düşünürəm paralel funksiyaları icra edən qurumlar ləğv edilə bilər. Qeyd edim ki, son dövlər bu məsələ istər mediya da, istərsə də cəmiyyət arasında müzakirə edilir. Eyni zamanda, Azərbaycan prezidenti də bu yaxınlarda dövlət idarəetməsində yeni formatın olacağı açıqlamasını vermişdi. Çox güman ki, Azərbaycan prezidenti dövlət aparatlarının, bəzi qurumların fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Bundan başqa, son dövlər Elektron Hökumət quruculuğu da bu məsələni diqtə və tələb edirdi. Bu gün 400-ə qədər xidmət elektron həyata keçirilir. Yəni bu xidməti 20-30 nəfər təklif edirdisə, artıq o elektron formadadır. Ona görə də, düşünürəm ki, sırf bu prizmadan yanaşsaq, dövlət aparatlarında müyəyyən xərclərin azaldılması istiqamətində addımların atılmasına ehtiyac var”.
O.Gündüz bildirib ki, bu gün İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sektoruna dövlət büdcəsindən ayrılan xərclər azaldılıb. Bunun əksinə isə büdcədən bu sahəyə investisyanı artırmaqla hökumətin daha effektiv idarə edilməsinə kömək etmək olar:
“Dövlət qurumlarının daha çevik və effektiv idarəedilməsinə nail olan sahələrdən biri də İKT-dir. Hökumət İKT ə ayrılan xərcləri artırmalıdır ki, bütövlükdə əhəmiyyətsiz xərcləri azalda bilsin”.
O, bu işdə bulud texnologiyalarının tətbiqinin fayda verəcəyini bildirib:
“Dövlətin istifadə etdiyi bütün proqram təminatları bu sistemdə birləşir. Yəni qısası, İKT-nin bu aləti imkan verir ki, hər bir dövlət qurumu ayrıca daha mərkəz yaratmasın Bütün infrastriktur sistem bir mərkəzdə cəmləşsin. Dövlət qurumlarının 70-100 ədəd infrastruktur serveri məhz həmin sistemdə cəmləşə bilər. Bu isə böyük xərcləri azaldılmasına kömək edən məsələlərdən biridir”.
Ülviyyə R. Əli
www.oxu.az