2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 69,1%-i və ya 93,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.
Bu barədə Oxu.Az-a ASA-dan məlumat verilib.
ASA-nın məlumatına görə, icbari sığorta növlərində yığımlar isə 41,7 milyon manat və ya bazarın 30,9%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 35,4% böyüyüb. 3 ay ərzində ümumi ödənişlərin 72,5%-i və ya 25,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 30,5% artıb.
İcbari sığorta növləri üzrə ödənişlər isə 9,8 milyon manat və ya ümumi bazarın 27,5%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 12,9% çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 27,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 22,8 manat olub. İcbari sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 28,3 manatdan 23,6 manata düşüb.