Hər kəs idarə etdiyi avtomobilin daha diqqətçəkici, fərqli olmasına çalışır. Fərqliliyi isə təkcə, bahalı avtomobil almaqla deyil, rəng çalarlarını dəyişməklə də nail olmaq olar. Bəs, azərbaycanlılar fərq yaratmaqda maraqlıdırlarmı? Başqa bir sual: azərbaycanlı sürücülər üçün hansı rəng prioritetdir?
Oxu.Az məsələ ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən avtomobil şirkətləri ilə əlaqə saxlayıb.
Belə ki, “Kia Motors Azerbaijan” şirkətindən bildiriblər ki, müştərilər əsasən ağ, qara, gümüşü- boz və digər rənglərə üstünlük verir.
“Volkswagen” şirkətindən isə Oxu.Az-a bildiriblər ki, azərbaycanlı müştərilər əsasən ağ rəngdə avtomobilə üstünlük verir. Şirkət rəsmisi bunun səbəbini də açıqlayıb:
“Ümumiyyətlə, Azərbaycan avtomobil bazarında ən çox alınan ağ rəngdə olan avtomobillərdir ki, bu da həmin rəngdə olan avtomobillərin xarici görünüş baxımından daha rahat saxlanılması və əsasən də təhlükəsiz rəng olması ilə bağlıdır.
Təhlükəsiz dedikdə, ağ rəngli avtomobillərin havanın qaranlıq vaxtında daha aydın gözə çarpması ilə əlaqələndirilir. Bu iki şərt ən çox istinad olunanlardır və elə qisim insanlar da vardır ki, ağ rəngli avtomobilləri daha böyük görünməsinə və yolda onların daha çox gözə çarpmasına görə seçirlər” - deyə, şirkətin rəsmisi qeyd edib.
“İmperial Cars” şirkətinin nümayəndəsi İlham Tağıyev isə düşünür ki, azərbaycanlı müştərilərin ağ-qara rənglərə üstünlük verməsinin səbəbi, alıcıların avtomobilə investisiya aləti kimi baxmalarından qaynaqlanır:
“Azərbaycan avtomobil bazarında iki rəng var. Ağ və qara. Buna səbəb isə potensial alıcının avtomobili almamışdan satmaq barəsində düşünməsi ilə bağlıdır. Çünki müştəri yaxşı bilir ki, iki ildən sonra o rahatlıqla qara maşını istədiyi qiymətə sata biləcək, amma qırmızını yox. Belə ki, potensial alıcı da qırmızı maşın almaq istəməyib, qaraya üstünlük verəcək. Qısası, qırmızı avtomobil almaqla daha çox itirə bilərsən, amma qarada belə olmayacaq”.
Başqa bir şirkətin əməkdaşı Ramin Tahirov isə qeyd edib ki, son bir ildə müştərilər ağ-qaradan başqa rənglərə də maraq göstərirlər:
“Azərbaycanda bununla bağlı gülməli bir vəziyyət yaranıb. Ağ-qaradan başqa maşın demək olar ki, tapılmır, amma axırıncı bir il ərzində ağ-qaradan başqa rənglərə də maraq artıb. Ümumi statistika aparsaq, deyə bilərik ki, 70-80% alıcı ağ və qara maşına, 10% boz maşına, qalan 10% isə başqa rənglərə üstünlük verir: qırmızı, göy, bəzən yaşıl, sarı.
Son 10%-in içində də qadın alıcıları daha çox olur, çünki qadınlar əsasən qeyri-adi maşınlar idarə etməkdə maraqlıdırlar, amma yenə də bütün xanımlar yox. Bəzi xanımlar praktik maşına üstünlük verir. Məsələn, düşünür ki, ağ rəngli maşınları daha az yumağa ehtiyac olur. Digər rənglərdə isə qəşəng görünür deyə alır”.
Alıcılardan bir neçəsi isə Oxu.Az-a bildiriblər ki, onlar qırmızı və digər rənglərdə maşın idarə etmək istəsələr belə, yenə də ağ-qara avtomobil alacaqlar.
Ülviyyə R. Əli
www.oxu.az