2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən xəbərə görə, cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,2 faiz yüksəlib.
Bahalaşan ərzaqlar və mallar
Ay ərzində unun, mal, qoyun və toyuq ətinin, yumurtanın, balıq məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın, kartofun, qəhvə və çayın qiymətlərində bahalaşma baş verib.
Qeyri-ərzaq mallarına gəlincə, ay ərzində parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, minik avtomobilləri və ehtiyat hissələrinin, velosipedlərin, telefon aparatlarının, dəftərxana ləvazimatlarının qiymətlərində artım müşahidə edilib.
Ucuzlaşan ərzaqlar və mallar
Ərzaq məhsullarından manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, badımcanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyri-ərzaq mallarından isə ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb.
Qeyd edək ki, Azərbaycan hökuməti 2018-ci ildə orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırır.