“Dövlət Şəhərsalma Norma və Qaydalarına” uyğun olaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 8 kvadrat metrə çatdırılması nəzərdə tutulur.
Bu barədə Bakı şəhərinin Baş Planı üzrə “Ətraf mühit” bölməsində məlumat verilir.
Bu məqsədlə mövcud yaşıllıqların qorunması, yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması planlaşdırılır. Belə ki, bu istiqamətdə aşağıdakı layihələrin həyata keçirilməsi gözlənilir:
Xocahəsən gölünün ətrafında geniş parkın salınması;
Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılması (Bibiheybət ərazisi daxil olmaqla);
Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıl istirahət zonalarının salınması;
Şəhər daxilində “yaşıl hibrid dəhlizlər” sisteminin tətbiqi.
Paytaxt ərazisində coğrafi yerləşmə mövqeyindən asılı olaraq iki növ “yaşıl hibrid dəhliz”lərin yaradılması təklif olunur.
Şəhərdaxili hibrid dəhlizləri ilə mövcud küçə-yol şəbəkəsinin və ya dəmir yolu xətlərinin hərəkətlilik funksiyasını qoruyub saxlamaqla onların ətrafında yaşıllıq zolaqları salınacaq. Şəhərxarici hibrid dəhlizləri ilə Mərkəzi Bakını şəhərətrafı ərazilərdə yerləşən alt-mərkəzlərlə birləşdirən geniş yaşıl zolaqlar salınacaq.