2014-cü ilin dekabr ayında kirayə mənzil bazarında təklif olunan mənzillərin əksər hissəsi, noyabr ayında təklif olunan mənzillərə nisbətən daha kiçik sahəyə malik olan mənzillərdir. Ümumilikdə, bazarda aktivliyin azalması davam etməkdədir.
Oxu.Az xəbər verir ki, bu barədə “MBA Group” şirkətinin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, ötən ilin dekabrında qiymətlər 12,89% azalaraq 1 kvadratmetrə görə 970 dollardan 845 dollar mənzil dəyərində qərarlaşıb.
Bazarda əməliyyatların sayı isə 145-dən -1,38% azalaraq 143 ədəd təşkil edib. Noyabr ayı ilə müqayisədə, hər kv.m-ə görə isə kirayə haqqı 1,13% artıb. Belə ki, 1 kvadratmetrə görə kirayə haqqı 11,47 dollardan 11,6 dollara qalxıb.
Qeyd edildiyi kimi, nəzərə alsaq ki, dekabr ayında bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində nisbətən azalma qeydə alınıb, o zaman hər mənzilə görə qeyd edilən azalmanı bazar şərtlərinə uyğun hesab etmək olar.
Dekabr ayında təklif portfelində orta qiymətə (500-1000 dollar aralığında) olan kirayə evlərinin payı 52,92%-lə üstünlük təşkil edib. Bahalı evlərin (aylıq kirayə haqqı 1000 dollar-dan yuxarı) payı bazarda 28,1%, ucuz evlərin (aylıq kirayə haqqı 500 dollar-a qədər) payı isə 18,98% qeydə alınıb.
Bu müddət ərzində kirayə bazarına müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub, tələb portfelinin bir qismini isə qısa müddətli - 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib.
Məlumatda göstərilir ki, son aylarda mənzillərin kirayəsi bazarında tələbatın aktivliyinin zəif olmasının əsas səbəbi qeyri-mövsüm aylarının olması ilə bağlıdır. Bu seqmentin zəifləməsinə qış aylarında inşaat sektorunda durğunluq səbəb olub.