Azərbaycanda daxili aviareyslərdə qiymətlər endirilib
Oxu.Az Aznews.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov deyib.
O bildirib ki, yeni hava limanının inşası ilə bağlı proses sənədləşmə mərhələsindədir: “Hazırda ölkədə 6 hava limanı fəaliyyət göstərir. Qubada tikiləcək aeroportla birgə bu hava limanlarının sayı yeddiyə çatacaq”.
C.Əsgərov əlavə edib ki, ölkənin bütün bölgələrində hava limanlarının inşası nəzərdə tutulub. C.Əsgərov daxili reyslər üçün bir nəfərin gediş qiymətlərinin aşağı salındığını da diqqətə çatdırıb:
“Məsələn, əvvəllər Qəbələyə gediş haqqı 50 manat olduğu halda, hazırda qiymət 30 manata endirilib”.
C.Əsgərov qeyd edib ki, təyyarə parkının yenilənməsi istiqamətində də zəruri işlər görülür və bu proses davamlı olaraq həyata keçiriləcək.
Onu da qeyd edək ki, Bakıdan Qəbələyə uçuş vaxtı 45 dəqiqə təşkil edir.