Əmanətlərin tam sığortalanmasının davam etməsinin tərəfdarıyıq.
Oxu.Az xəbər verir ki, bu sözləri “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib.
“Hesab edirik ki, bank sektoruna inamın daha da artması üçün qanunun müddətinin uzadılması məqsədəuyğun olar. Bu, bizim narahatçılığımla bağlı deyil, müştərilərin bankımıza etimadı gündən-günə artır və bu, özünü müştəri depozitlərinin çoxalmasında göstərir. Hesab edirik ki, qanunun müddətinin artırılması Azərbaycanın bank sektorunun xeyrinə olar”.
Qeyd edək ki, 2016-cı il fevralın 1-də qüvvəyə minmiş “Əmanətlərin tam sığortalanması” haqqında qanuna görə, əmanətlər məbləğindən asılı olmayaraq, üç il müddətinə tam sığortalanır.
2019-cu ilin fevral ayında üç il başa çatır. Müddətin uzadılıb-uzadılmayacağı bankların diqqət mərkəzindədir. Çünki müddət uzadılmasa, yenidən 30 min manatadək əmanətlər sığortalanacaq. Bu da bir çox bankdan əmanətin çıxması ilə nəticələnə bilər.