Azərbaycanda sürətli qatar olmayacaq. Bunun əvəzinə ölkədə qatarların sürəti artırılacaq. Hazırda ölkədə qatarlar 80-100 km sürətlə hərəkət edir. Yollarda sürət artırıldıqdan sonra bu, avtomatik sürətli qatarlara gətirib çıxaracaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, bu işə yaxın bir-iki ay ərzində başlanılacaq:
“Hazırda elektrofikasiya – elektrik təchizatı, rabitə siqnal sistemi yenidən qurulur. Biz sabit cərəyandan, dəyişən cərəyana keçirik. Yeni sistem qurulandan sonra qatarların sürəti 120-140 km/s olacaq. Bu da sürətli qatar deməkdir. Məsələn, indi qatar Azərbaycan ərazisində 12 saat yol gedirdisə, bundan sonra 6 saat gedəcək. Həmçinin köhnə relslər yeniləri ilə əvəz edilir. Yeni relslər 800 metrlik olacaq. Bütün bu işlərin 2015-2017-ci illərdə reallaşdırılması planlaşdırılır.
Qatarların sürəti əvvəlcə İpək yolu boyunca, Gürcüstana kimi artırılacaq. Çünki 2015-ci ildə Bakı-Tbilisi-Ahalkalaki xətti istifadəyə veriləcək. Həmin xətlərdə qatarların hərəkət sürətinin 140 km-ə çatması nəzərdə tutulub. Sonra isə sürət bütün ölkəni əhatə edəcək. Belə ki, əsas yüklərin daşınması oradan həyata keçirilir. Avropaya çıxış da həmin yoldandır. Odur ki, hazırda üstünlük məhz o yola verilir”, - deyə o bildirib.