“İşsizlikdən sığorta haqqında” qanunun qəbuluna ehtiyac yoxdur”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev deyib.
“Bu qanun sığorta təşkilatlarına pul qazandıracaq. Qanun layihəsində qeyd olunub ki, sığorta ödənişi alan bir şəxs iki dəfə iş təklifindən imtina edəcəksə, o, işsizliyə görə müavinət hüququndan məhrum olacaq.
Azərbaycanda əhalinin gəlirlərinin 49%-i vergi və sosial sığorta haqlarının ödənilməsinə yönəldilir.
Bu, çox yüksəkdir. Məhz buna görə də “qara mühasibatlıq” var və sahibkarlar işçiləri ilə əmək müqaviləsi bağlamaqda maraqlı deyil.
Hesab edirəm ki, onlar işsizliyə görə müavinət ödəməli olsalar, bu halların sayı daha da artacaq”.
Millət vəkili Qənirə Paşayeva xeyli sayda insanın əmək müqaviləsi olmadan işlədilməsindən narahat olduğunu deyib: “Bundan başqa, insanların əmək haqları azaldılır. Məsələn, 500 manat məvacib alan insanın maaşı dəfələrlə azaldılır.
Həm əmək müqaviləsi olmadan işləyənlərin, həm də məvacibləri azaldılan insanların pensiyası necə olacaq?
Belə çıxır ki, bu qanun əmək müqaviləsi olan insanların xeyrinə olacaq. Biz əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən şirkətlərin cərimələnməsini görmürük”.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsinin məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verməkdir.
Qanun layihəsi I oxunuşda səsə qoyularaq qəbul edilib.
U.A.
www.oxu.az