ABŞ-da işsizlik 2007-ci ilin may ayından etibarən minimal həddə enib.
Oxu.Az-ın məlumatına görə, “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, mart ayında ABŞ-da işsizlik göstəricisi 4,5% təşkil edib, iş yerlərinin sayında artım isə 98 min nəfər olub.
İş yerlərinin sayında artım proqnozlaşdırılan 180 min nəfərdən xeyli az olması investorların ABŞ iqtisadiyyatının perspektivləri barədə narahatlığına səbəb olub.
Göstəricinin açıqlanmasından sonra ABŞ fond birjalarının fyuçersləri azalmağa başlayıb. Həmçinin, neftin qiyməti 55 dollar/barel həddindən aşağı düşüb və hazırda 54,70 dollar/barel təşkil edir.
Xatırladaq ki, səhər saatlarında ABŞ-ın Suriyanı bombalamasından sonra Brent markalı neftin qiyməti 56 dollar/barel səviyyəsinə yaxınlaşmışdır.
“Report”un analitik qrupu qlobal maliyyə bazarlarında kəskin dalğalanmanın davam edəcəyini proqnozlaşdırır.
11:02
Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) faiz artırmaq üçün baxdığı mühüm bir göstərici - kənd təsərrüfatı xaric məşğulluq məlumatı açıqlanacaq.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq mart ayı məşğulluq göstəricisinin 180 min olacağı gözlənilir. Yanvarda qeyri-kənd təsərrüfatında məşğulluq 235 min artmışdı.
Eyni zamanda, məlumatda mart ayında ABŞ-da işsizlik nisbətinin 4,7%-də qalacağı, orta saatlıq maaşların 0,2% artacağı gözlənir. Fevralda da ABŞ-da işsizlik 4,7% olmuş, orta saatlıq maaşların artımı isə 0,2% təşkil etmişdi.
Əgər açıqlanacaq faktlar proqnozlardan yüksək çıxarsa, dolların bahalaşacağı və FED-in daha çox faiz artıracağı ehtimalının güclənəcəyi gözlənilir.
U.A.
www.oxu.az