Türkiyənin 2016-cı ildə ən böyük problemlərindən biri ölkəyə daxil olan xarici sərmayənin azalması olacaq. Xarici sərmayə dayandığı halda türk lirəsi (TL) dollar qarşısında kəskin ucuzlaşacaq.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Mərkəzi Bankının sabiq rəhbəri Durmuş Yılmaz deyib.
“Ötən illərlə müqayisə etdikdə, ölkəyə daxil olan xarici sərmayənin həcmində azalma olduğunu görürük. Əgər bu azalış davam edəcəksə, bu halda Türkiyənin 2016-cı ildə ən böyük problemlərindən biri də məhz bu olacaq”, - deyə sabiq bankir deyib.
“Əgər işi düzgün edirsənsə pula ehtiyacın yoxsa kimsə sənə zorla borc verə, kimsə səndən yüksək faiz istəyə bilməz. Hər şey bizim əlimizdədir. Evimizi düzgün idarə edək. Qənaətimizi artıraq. Xarici valyutaya olan ehtiyacımızı azaldaq. Bu bir gündə olan iş deyil. Bunun üçün struktur islahatlarını hədəf seçmək lazımdır”, - deyə Yılmaz qeyd edib.
O deyib ki, Türk lirəsi (TL) gözləniləndən də çox dəyər itirə bilər:
“Türkiyənin 2016-cı ildə ödəməli olduğu xarici borcun məbləği 165 milyard dollardır. Cari əməliyyatlarda olan kəsirlə ölkənin maliyyə ehtiyacının həcmi 210 milyard dollara çatacaq. Əgər xarici sərmayə axını normal bir hala gələrsə, bu halda TL dəyər itirə bilər, ancaq bu çox cüzi olacaq. Xarici sərmayənin azlığı və ya dayanması nəticəsində Türk Lirəsi üzərində təzyiq isə arta bilər. Nəticədə TL gözləniləndən də çox dəyər itirə bilər”, - deyə Durmuş Yılmaz qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az