Kənd Təsərrüfatı Nazirliyi aqrar məhsulların istehsalçılarına 17 milyon manatdan çox vəsait ayıracaq.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Bu yardımın 58 rayon (şəhər) komissiyası üzrə 129 063 istehsalçıya 42 277,44 hektar buğda və çəltik səpininə görə verilməsi nəzərdə tutulub. Eyni zamanda güzəştli şərtlərlə verilən 10 341 ton gübrənin dəyərinə 4 milyon 628 min manat vəsaitin ödənilməsi barədə qərar qəbul olunub.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.
Qeyd edək ki, rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) “Subsidiyalar” bölməsində yerləşdiriləcəkdir.