Nazirlər Kabinetinin qərarı ilə “Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar” təsdiq olunub.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin 23 yanvar 2014-cü il tarixli 17№-li bu qərar bu gün rəsmi mətbuatda dərc olunub.
Məlumata görə, hər bir şəxs nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün gömrük təmsilçisi təyin edə bilər.
Gömrük təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün) ola bilər.
Qeyd olunur ki, birbaşa gömrük təmsilçiliyi edən hüquqi və ya fiziki şəxs notariat qaydasında təsdiq edilmiş etibarnamə (və ya başqa bir təsdiqlənən sənəd) təqdim etməlidir .
Məlumata görə, Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər.
Həmçinin deyilir ki, hüquqi şəxslərə gömrük brokeri fəaliyyəti üçün Dövlət Gömrük Komitəsindən lisenziya veriləcək.
Gülnarə Zeynalova
www.oxu.az