Oxu.Az Azərbaycan iqtisadiyyatının 2016-ci ilin birinci rübünün ümumi mənzərəsi ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.
“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov:
“Daşınmaz əmlak bazarı 2016-ci ilin I rübündə, 2014-cü ilin 4-cü rübü ilə müqayisədə qismən aktivliyin artması ilə yadda qalıb. Yəni, 2014-cü ilin 4-cü rübündən başlayan aktivliyin azalması, 2015-ci ildə il boyu davam edib, cari ilin yanvar-mart aylarında isə bazar həm qiymət, həm də alqı-satqıların sayı baxımından qismən də olsa sabitləşməyə meyilli olub.

2016-ci ilin fevral ayı, 2015-ci ilin anoloji dövrü ilə müqayisədə qismən artımla yadda qalıb, baxmayaraq ki, cari ilin mart ayında daşınmaz əmlak bazarında aktivlik yenidən azalmışdı.
Amma ümumilikdə 2016-ci ilin I rübündə bazarda sabitlik müşahidə edilib. Yəni, 2015-ci ilin nəticələri ilə müqayisə etdikdə, qeyd edə bilərik ki, bazar sabitləşməyə doğru gedir.
2016-c ilin II rübündə isə aktivlik I rübə nisbətən daha da artacaq. Buna səbəb isə II rübün yay aylarına təsadüf etməsi ilə bağlıdır. Birinci rübdə isə bazar əvvəlki illərdə olduğu kimi adətən öz passiv aylarını yaşayır. Ancaq 2-ci rüb həmişə birinci rübdən daha aktiv aylar olaraq qalıb”.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov:
“2016-ci ilin I rübündə ən yadda qalan hadisə Novruz bayramı ərəfəsində ölkəyə gələn minlərlə turistin, o cümlədən iranlı turistlərin gəlməsi oldu.
2016-ci ilin II rübü ilə bağlı isə onu demək olar ki, artıq nəticələr göz qabağındadır, əlavə proqnoza ehtiyac yoxdur. Məsələn, siz İçərişəhər, Qobustana getsəniz, orda turist axınının şahidi olacaqsınız. Hətta Qobustana turist əlindən daxil olmaq belə çətinləşib.

İldən-ilə isə ölkəyə turizm şirkətləri vasitəsilə (şəhəri sadəcə gəzmək və yaxud işgüzar məqsədlərlə ölkəyə gələn əcnəbilər istisna olmaqla) gələn turistlərin sayı artmaqdadır. Bu artımı hər ay müşahidə etmək olur”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov:
“2016-ci ilin I rübünün yekunları iqtisadi artım baxımından arzuolunan olmadı. Azərbaycanın əsas makroiqtisadi göstəriciləri 2016-ci ilin I rübündə gerilədi.
Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) azalması müşahidə edilsə də, qeyri-neft sektorunda artım qeydə alınıb. Təbii ki, qeyri-neft sektorunda artımın qeydə alınması Azərbaycan hökumətinin əsas hədəflərindən biridir və bunu müsbət qiymətləndirmək olar.
Azərbaycanda gömrük ödənişlərinin rəsmiləşdirilməsi prosesinin dəyişdirilməsi, ölkədə sahibkarlığın inkişafı ilə bağlı atılan addımlar, lisenziyaların sayının azaldılması,“ASAN xidmət”in səlahiyyətlərinin genişləndirilməsi və bir sıra xidmətlərin agentliyə həvalə edilməsi müsbət addımlar kateqoriyasına aid etmək olar.
Bundan başqa, biz təklif edirik ki, Dövlət Gömrük Komitəsinin (DGK) bəzi xidmətləri də “ASAN xidmət”ə verilsin.
Bu müsbət addımlar ilə yanaşı, cari ilin birinci rübü neftin qiymətlərinin aşağı düşməsi fonunda mənfi tendensiyalar ilə yadda qalmış oldu.
Ölkəyə daxil olan valyutanın həcmi 3 dəfədən çox azaldı və bu proses davam edir. Bu isə özünü həm valyuta bazarında, həm də real sektorda göstərdi.
Manatın ikinci devalvasiyasından sonra, kredit ödənişlərində çətinliklər genişlənməyə başladı. Bəzi bankların depoziti qaytarılması ilə bağlı problemləri var və bu davam edir. Eləcə də problemli kreditlərin həcmində artımlar var.
Xarici valyutada götürülən kreditlərin qaytarılması ilə bağlı ciddi çətinliklər var. Ona görə də, xüsusən, neftin dünya bazarında qiymətinin aşağı düşməsi, manatın ikinci devalvasiyası fonunda mənfi iqtisadi dəyişikliklər müşahidə olundu. Buna rəğmən, təbii ki, birinci rübdə atılan addımlar təqdirəlayiqdir.
Birinci rüb asan olmadı, kifayət qədər çətin oldu. Bu rübün nəticələri onu göstərdi ki, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı ilə bağlı addımlarını davam etdirir. Birinci rübdə ÜMD-nin azalması, valyuta həcminin aşağı düşməsi bu, bir siqnaldır.
Bu, həm də bir ismarışdır ki, Azərbaycan hökuməti mərhələli olaraq, neft sektoru, neft gəlirlərindən asılılığı tamamilə aradan qaldırmalıdır. Cari ilin yanvar-mart aylarının yekunları onu göstəridi ki, Azərbaycan dayanıqlı inkişafı yalnız qeyri-neft sektorunu inkişaf etdirməklə formalaşdıra bilər.

Sözsüz, II rübdə də neftin dünya bazarındakı qiymətləri bu rübün yekunlarına təsir edəcək.
Bu baxımdan qısa zamanda qeyri-neft sektorunun dominant sektor edilməsi mümkün deyil, bu zaman tələb edir. Ən yaxşı halda biz islahatların nəticəsini 2017-ci ilin II yarısından sonra görə biləcəyik, çünki islahatların nəticəsi qısa müddətdə strateji əhəmiyyət daşıyan fəaliyyətlərdir.
Bundan başqa, sosial evlərin yaradılması ilə bağlı xüsusi agentliyin formalaşdırılması cari ilin ikinci rübünə düşdü.
Bununla bağlı Azərbaycan prezidentinin göstərişi, bu cür evlərin inşası ilə bağlı prosesin başlaması, müsbət hal kimi qiymətləndirilə bilər.
İkinci rübdə biz çox arzu edərdik ki, xarici valyutada krediti olanlara dövlət kompensasiya versin, həm vətəndaşlar üçün bu kredit təzyiqi azalsın, həm də banklara kredit ödənişini bərpa etmək mümkün olsun.
Ona görə də çox istərdik ki, 2016-ci ilin 2-ci rübü xarici valyutada götürülən kreditlərə dövlət tərəfindən kompensasiyanın verilməsi rübü kimi yadda qalsın”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban:
“2016-ci ilin I rübü əsas onunla yadda qaldı ki, neftin qiymətləri aşağı idi. Dövlət Neft Şirkətinin (SOCAR) aylıq ixrac qiymətlərinə əsasən, belə nəticəyə gəlmişik ki, Azərbaycandan ixrac neftinin qiyməti 37 dollar 14 sentdir.
Ötən ilin 4 ayının orta ixrac qiyməti 57,08 dollara bərabər olmuşdu. Bu isə ötən ilin I rübü ilə müqayisədə kifayət qədər az bir rəqəmdir, təxminən 35% azalma deməkdir. Deməli, bizim gəlirlərimiz də buna uyğun olaraq azalıb.
Hasilatda azalma o qədər də hiss edilmir. Bizim bir nömrəli hasilatçı şirkətimiz olan, “BP- Azərbaycan” şirkəti faktiki olaraq ötənillki səviyyədə hasilatı qoruyub saxlaya bilib.
Bundan başqa, bu rübdə yaddaqalan hadisələrdən biri isə o oldu ki, SOCAR cari ilin 4 ayında iki platforma işə saldı. Bu 28 may Neft-Qaz Çıxartma İdarəsinin ərazisində olan Günəşlidə idi, digəri isə mayın ikisində əsası qoyulan “Bulla” yatağında olan platforma idi.
Onlar neft və qaz kondensat yataqları olacaq, ancaq reallıqda biz onların məhsullarını 2017-ci ildə görəcəyik. Əsasən də, “Bulla” yatağında. Çünki orda çox dərin, təxminən 6 min metrədək quyular qazılacaq.
İkincisi, Günəşlidə cəmi-cümlətanı təqribən 3 min metrə qədər quyular qazılacaq, orda neft-qaz kondensat olacaq. Amma sadəcə olaraq orda quyuların sayı çoxdur. Onlar da 2017-ci ildə öz layihə gücünə çatacaq.
Bu isə Azərbacanın neft sektorunun sabitləşdirilməsi yönümündə atılan çox uğurlu addımlardır.
Bundan başqa, Dövlət Neft Şirkəti dekabr ayında “Günəşli” yatağında başlayan yanğını fevralda söndürə bildi. Bu da müsbət tendensiyalardan biri kimi qiymətləndirmək olar.
Sonra Dövlət Neft Şirkəti böyük addımlar atır. Heydər Əliyev adına neft ayırma zavodunda müasirləşdirmə işləri ilə bağlı demək olar ki, 2 həftədən bir müqavilələr imzalayır. Yəni, bütün bunları ona görə edirlər ki, 2016-ci ilin sonu, 2017-ci ilin əvvəlində artıq real tikinti modernzasiya işləri başlasın. 2019-2020-ci illərdə isə işlər tam başa çatacaq.
:640.jpg)
Bir də Azərbaycanın neft-qaz sektorunun qarşısında duran “Şahdəniz 2” layihəsindən söhbət gedir. Bu layihə reallaşdıqdan sonra, “Şahdəniz 2” ilə çıxarılan qaz Türkiyə və Avropa bazarına çıxış əldə edəcək.
Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə, daha sonra BP özünün rəsmi məlumatında qeyd etmişdi ki, layihənin Gürcüstan ərazisi üzrə infrastrukturun tikinti işlərinin 70%-ə yaxını başa çatıb.
O ki qaldı TANAP-a, orda isə boru kəmərlərinin istehsalı, istehsal sahələrinə daşınması, qaynaq edilməsi, ümumilikdə 50%-ə yaxın iş başa çatıb.
Beləliklə, birinci rübün yekunları ilə bağlı bunları qeyd etmək olardı.
Həm də sevindirici haldır ki, baxmayaraq ki, neftin qiymətləri artıq 2 ildir ki aşağıdır, bununla belə istər, Azərbaycan tərəfi, istərsə də bu cür meqalayihələrdə iştirak edən şirkətlər layihənin maliyyələşdirilməsində heç bir problem ilə üzləşmirlər.
İkinci rübdə bu cür layihələrin tam başa çatmasını gözləmək olmaz. Ancaq neftə gəlincə, biz həftənin əvvəlində, bazar ertəsi neftin qiymətinin 3 dollar aşağı düşməsinin şahidi olduq. Belə ki, qiymətlər 48 dollardan birdən-birə 45 dollara düşdü.
Proqnozlar belədir ki, may ayında da neftin qiyməti təqribən 45 dollar ətrafında var-gəl edəcək. Ancaq iyun ayında neftin qiymətlərinin aşağı düşməsi gözlənilir. Qiymətlərin 40 dollardan aşağı düşmə ehtimalları səsləndirilir. Bu isə neft ixrac edən ölkələr üçün yaxşı informasiya deyil”.
Ülviyyə R. Əli
www.oxu.az