2017-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9868,5 milyon manat vəsait yönəldilib.
Oxu.Az xəbər verir ki, bu da əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1 faiz çox vəsait deməkdir. Vəsaitin 5969,9 milyon manatı neft sektoruna, 3898,6 milyon manatı isə qeyri-neft sektoruna sərf edilib. Ümumi sərmayənin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib.
İstifadə olunmuş vəsaitin 78,7 faizi məhsul istehsalı obyektlərinin, 16,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,3 faizi isə ümumi sahəsi 1117,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,0 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 69,8 faiz, bank kreditləri 11,8 faiz, büdcə vəsaitləri 11,8 faiz, əhalinin şəxsi vəsaitləri 4,5 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.
L.Ə.