İranın Türkiyədəki Səfiri Əli Rza Bikdeli Turkcell-in İrana sərmayə qoymaq planları ilə bağlı açıqlama verib.
Bu barədə Oxu.Az Hürriyyet-ə istinadən xəbər verir.
“İrana keçmişdə sərmayə qoyan Turkcell, TAV kimi şirkətlər keçmişdə sıxıntı yaşayırdı. Amma hazırda İran hökumətinin əsas hədəflərindən biri də xarici investisiyaların cəlb edilməsi durur. Turkcell, TAV kimi şirkətlərin İranda qarşı-qarşıya qaldığı problemlər artıq keçmişdə qalıb.
Bu hadisələrdən sonra İrana sərmayə yatıran və bundan məmnun olan, invesitisiyanın həcmini bir-neçə dəfə artıran şirkətlərin İran bazarında qaldığının da şahidi olduq. Növbəti aydan etibarən xarici investorlara daha əlverişli zəmanətlər veriləcək. Bu zəmanətlər keçmişdən daha sağlam olacaq”, - deyə səfir qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Turkcell şirkətinin icraçı direktoru Kaan Terzioğlu İran üzərindən sanksiyaların ləğvindən sonra, Turkcell İranda sərmayə imkanlarını nəzərdən keçirdiklərini və əlverişli təklif gələrsə, “Fintur”dakı hissələrini sata biləcəklərini qeyd etmişdi.
“Bir şirkətin bir ölkəyə küsmək şansı yoxdur. İranı əhəmiyyətli bazar olaraq görürük. İranlı müştərilərimizə verə biləcəyimiz xidmətləri düşünürük.
Bunlar rəqəmsal və digər xidmətlər ola bilər. Bütün bunları dəyərləndirəcəyik. İran böyük bir bazar və Turkcell-in də maraq dairəsindədir”, - deyə Kaan Terzioğlu qeyd etmişdi.
Ülviyyə R. Əli
www.oxu.az