İtaliya tərəfindən Azərbaycanda əsas kapitala 482 milyon dollar investisiya qoyulub.
Hazırda Azərbaycanda 66 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir. Bu günə qədər İtaliya ilə müxtəlif sahələrdə 30 sənəd imzalanıb. İtaliya 7 il davamlı olaraq Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Oxu.Az xəbər verir ki, bu sözləri İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi ilə görüşü zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirdi.
Nazirin sözlərinə görə, ölkələrimiz müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir:
“İtaliyan şirkətləri “Şahdəniz 2”, Cənub Qaz Boru Kəməri və “Star” layihələrinin kontraktorlarındandır. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İtaliyan şirkətləri ilə illik 800 mln. kubmetr qaz alqı-satqısı sazişi imzalanmışdır. Azərbaycan Hökuməti və SOCAR tərəfindən birgə həyata keçirilən “Star” layihəsi çərçivəsində “SACE Group”la 600 mln. dollar məbləğində maliyyə əməkdaşlığı həyata keçirilir. İndiyədək ölkələrimiz arasında 14 biznes forum və işgüzar görüşlər keçirilib”.
Öz növbəsində, F.Quidi Azərbaycanla kənd təsərrüfatı, İKT və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Ülviyyə R. Əli
www.oxu.az