Sovet dönəmindən qalan əmanətlərin qaytarılması bu il başa çatır.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, ötən dövr ərzində Azərbaycan Respublikası vətəndaşlarının müraciətləri əsasında 1 milyon 622 min 345 əmanət hesabı üzrə 597.320.420,74 manat məbləğində vəsait ödənilib.
Bu gün keçirilən tədbirdə Maliyyə Nazirliyinin nəzdində Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Komissiyanın sədri Rasim Vəliyev belə deyib.
O bildirib ki, bu günə qədər 1387 nəfər hələ də əmanətini almaq üçün müraciət etməyib.
Komissiya sədri onu da qeyd edib ki, ayın sonuna kimi həmin vətəndaşlar öz əmanətlərini ala bilərlər:
“2014-cü ildən sovet əmanətlərinin verilməsi dayandırılacaq. Onlara bir daha belə güzəşt edilməyəcək. “Kapital Bank”a müraciət edənlər çox olub. Onlardan 108176 nəfərin ərizəsi qəbul olunub, 1400 nəfərin ərizəsi isə imtina olunub”.