Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Transxəzər qaz kəmərinin inşası barədə danışıb.
Oxu.Az xəbər verir ki, bu kəmər Azərbaycan və Türkmənistanı birləşdirməli, sonra isə qaz axınını Cənub dəhlizi ilə Rusiyadan yan keçərək Aİ ölkələrinə yönləndirməlidir.
Rusiya və İran hal-hazırda bu mövqeyə qarşı çıxış edərək, Xəzər dənizinin dibi ilə belə kəmərin çəkilməsi üçün bütün ölkələrin dəstəyini almağın lazım olduğunu bəyan edirlər.
Bununla əlaqədar Lukaşeviç bəyan edib ki, bu qaz kəmərinin inşaatına dair birtərəfli hərəkət Xəzəryanı ölkələri arasında inamı sarsıdacaq.
Lukaşeviç vurğulayıb ki, keçən il Həştərxanda keçirilən Xəzər Sammitində beş ölkə lideri bəyan edib ki, yalnız sahilyanı dövlətlər Xəzər məsələləri üzrə qərar qəbul edə bilərlər.
“Hər mənada unikal olan su hövzəsində magistral qaz kəmərlərinin inşasına bizim nöqteyi-nəzərimizdən ilk olaraq ekologiya prizmasından və yalnız sonra iqtisadiyyat bucağından baxmaq lazımdır.
Layihənin iqtisadiyyatı, səmərəliliyi və maliyyə alımlılığı barədə ona sərmayə qoymağı planlayanlar düşünsünlər. Amma ekoloji tərəfi ilk növbədə Xəzər sahili ölkələrinə, həm də heç bir istisna olmadan bütün sahil ölkələrinə aiddir. Və burada bütün beş Xəzəryanı dövlət səsvermə hüququna sahibdir”.
RF XİN-in nümayəndəsinin sözlərinə görə, Xəzər dənizi-gölü xarici mühitin ən kiçik dəyişikliklərinə belə çox həssasdır, belə dəyişikliklərə Transxəzər qaz kəmərinin inşası, boruların fəaliyyəti, və ya bu sistemdə qəza səbəb ola bilər.
“Xatırladım ki, texniki reqlamentə görə magistral borular ilə yanacağın nəqli, sahilyanı ərazidə hasilat zamanı mövcud olan gərginlikdən daha yüksək gərginlik altında nəzərdə tutulur.
Ciddi qəzaya səbəb – zəlzələ və sualtı vulkanların püskürməsi kimi təbii kataklizmalar, eləcə də insan amili də ola bilər. Sonuncu risk əyani şəkildə Çernobıl və ya Meksika körfəzində Deepwater Horizon neft platformasında baş verən partlayış kimi irimiqyaslı ekoloji qəzalara illüstrasiya ola bilər. Bu sərt dərsləri yaxşı mənimsəmək lazımdır. Əminəm ki, Xəzərdə ekoloji təhlükəsizlik şərtsiz prioritetə çevrilməlidir”.