Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 94 milyon 400 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 14 milyon 186 min manat, uzunmüddətli kredit qoyuluşu isə 80 milyon 214 min manat təşkil edir.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin Kredit təşkilatlarına nəzarət şöbəsinin rəisi Şəmsəddin Sevdimalıyev bildirib.
Muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən 2014-cü ilin ilk 6 ayı ərzində 28 milyon 626 min manat kredit verilib ki, bunun 9 milyon 749 min manatı qısamüddətli, 18 milyon 877 min manatı isə uzunmüddətli kreditlər olub. Verilmiş kreditlərin 8 milyon 404 min manatı kənd təsərrüfatı, 2 milyon 234 min manatı sənaye, 6 milyon 300 min manatı tikinti, 2 milyon 279 min manatı kommersiya, 15 min manatı nəqliyyat sahələrinə, 1 milyon 963 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 7 milyon 431 min manatı digər kommunal, sosial və istehlak kreditlərinin verilməsinə yönəldilib.
“Cari ilin ilk 6 ayı ərzində verilmiş kreditlərin 29,4 faizindən çoxunu – 8 milyon 404 min manatını kənd təsərrüfatı kreditləri təşkil edir. Kənd təsərrüfatı kreditləri ənənəvi istehsal və kiçik emal sahələrinin dirçəlməsində də əhəmiyyətli rol oynayır”,- Şəmsəddin Sevdimalıyev bildirib.
Şəmsəddin Sevdimalıyev qeyd edib ki, 2014-cü ilin 6 ayı ərzində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 247 milyon 734 min manat nağd pul dövriyyəyə buraxılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 milyon 592 min manat və ya 7,7 faiz azalma deməkdir:
“Bu isə onu göstərir ki, muxtar respublikada fəaliyyət göstərən bankların kassasına daxil olan nağd pulun həcmi artıb, xidmət olunan müəssisə və təşkilatların nağd pula olan tələbatı isə azalıb”.
Şəmsəddin Sevdimalıyev əlavə edib ki, vətəndaşlara göstərilən bank xidmətinin səviyyəsini yüksəltmək məqsədilə 92 ədəd bankomatla xidmət göstərilib, o cümlədən 53-ü Naxçıvan şəhərində, 39-u isə rayon mərkəzlərində və böyük kənd yaşayış məntəqələrində olmaqla, muxtar respublika əhalisi tamamilə bu xidmətlə əhatə olunub. Eyni zamanda əlavə bankomatların gətirilərək böyük kəndlərdə qurulması istiqamətində işlər aparılır.
Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı ötən ilin müvafiq dövründə 173 min 378 ədəd təşkil edirdisə, hazırda ödəniş kartı alanların ümumi sayı 193 min 696-ya çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 min 318 ədəd artım deməkdir.
2014-cü ilin ilk 6 ayı ərzində 398 ədəd POS-terminal quraşdırılıb. Bəhs olunan dövrdə POS-terminal və digər ödəniş sistemləri vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 3 milyon 769 min manat təşkil edib. POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılıb, 1 iyul 2014-cü il tarixə onların sayı 646 ədəd olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 459 ədəd artıb.
Şəmsəddin Sevdimalıyev deyib ki, bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 5 milyon 706 min manat, o cümlədən xarici valyuta ilə 1 milyon 385 min manat təşkil edib. Banklara qoyulan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 62 min manat artıb. Banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq 4 faizdən 18 faizədək illik faiz ödənilir.
Qeyd edək ki, Muxtar respublikada 16 bank qurumu fəaliyyət göstərir.