2018-ci ildə qarşıya qoyulan məqsədlərdən biri bütün ölkə əhalisinin genişzolaqlı internet şəbəkəsinə çıxışını təmin etməkdir.
Oxu.Az xəbər verir ki, bu sözləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan 3-cü peykini də kosmosa buraxacaq, bizim hədəfimiz kosmos məkanında möhkəmlənməkdir.
“Bunun üçün həm dövlətin, həm də özəl şirkətlərin dəstəyi vacibdir”, - deyə nazir bildirib.
Nazirin sözlərinə görə, yerli şirkətlərin xarici bazara çıxışını təmin etmək, ixrac potensialının artırılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin istiqamətlərindən biridir.
Qeyd edək ki, Azərbaycan İnvestisiya Forumunun keçirilməsində məqsəd neftin ucuzlaşması fonunda neftdən asılılığın azaldılması yollarını müəyyən etməkdir.
Ülviyyə R. Əli
www.oxu.az