Aprelin 8-də Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin rəhbərliyi ilə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, KTN-dən verilən məlumata görə, iclasda kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi müzakirə edilib.
Komissiya 58 rayon (şəhər) komissiyası üzrə 149849 istehsalçıya çatacaq 20153483,20 məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.
Eyni zamanda komissiya 14697 nəfər istehsalçıya 92077,56 hektara görə 50 faiz güzəştlə satılmış 14760826 ton mineral gübrə üçün 4 milyon 12 min manata qədər dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə müvafiq sənədləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edib.
Gülnarə Zeynalova
www.oxu.az