Oxu.Az Doha görüşündən sonra neft bazarındakı vəziyyəti Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ilə dəyərləndirib.
- Aprelin 17-də Qətərin paytaxtı Dohada keçirilən görüş nəticəsiz qaldı. Bundan sonra, neftin qiymətlərində 4-5%-lik enmə müşahidə edilir. Əsas sual isə budur, neftin qiymətində kəskin enmə gözlənilirmi?
- Biz əvvəlki açıqlamalarımızda da qeyd etmişdik ki, əgər bazar iştirakçıları Doha görüşündə ortaq bir nəticəyə gələ bilməsələr onda neftin qiymətində ucuzlaşma baş verəcək. Artıq hələ elektron hərraclar gedir və 4%-lik enmə artıq baş verib.
Bakı vaxtı ilə saat 13:15-də London birjası işləməyə başlayacaq (hazırda Brentin bir bareli 42,05 dollardır - red.) Onda biz qiymətləndirə biləcəyik ki, vəziyyət nə yerdədir. Təbii ki, bu bazarın verdiyi reaksiyadır.
Artıq neftin qiyməti 41 dollardır. Hətta gözləmək olar ki, neftin qiyməti 40 dollardan da aşağı ensin. Enmə tendensiyası bu gün, sabah, hətta o biri gün də davam edə bilər. Amma düşünmürəm ki, bazarda uzunmüddətli dövr üçün bu əhval-ruhiyyə saxlanılacaq.
Doha görüşü öncəsi qiymətlər 40 dollardan 45 dollara qədər bahalaşmışdı. Bu isə görüş öncəsi qızdırma və köpüyün əlaməti idi. Hazırda bu qızdırma və köpük götürüldü, indi isə bazar öz real qiymətinə qayıtmalıdır. Bu real qiymət isə 40 dolların ətrafı idi.
Ona görə də, hesab edirəm ki, qiymətlər 40 dollardan aşağı düşüb, yenidən öz real qiymətinə qayıtmalıdır.
- Cari ilin iyun ayında baş tutacaq görüşdən gözləntiniz nədir?
- OPEK-in növbəti iclası cari ilin iyun ayında keçiriləcək. İldə 2 dəfə bu cür toplantı təşkil edilir. Bu görüşdə təşkilat gündəlikdə olan məsələləri müzakirə edib, sual etməlidir ki, biz nə edək?
Yəni bütün OPEK ölkələri, o cümlədən İran və Liviya bu hasilatı yanvar səviyyəsində saxlamaq iqtidarındadır, ya yox?
Hələ heç bir gözlənti yoxdur. Çünki OPEK ölkələri arasında indi iyun ayına qədər bir təmaslar olmalıdır, ona reaksiyalar olmalıdır, onlar arasında fikir mübadiləsi olmalıdır. Biz onların yerinə hansısa belə deyək də bir fikir bildirə bilmərik.
Hətta təşkilat qərar qəbul etsə ki, bu səviyyəni saxlamaq iqtidarındayıq. O zaman İran və Liviya üçün başqa kvatolar müəyyən edilməlidir.
Burda Liviyanın mövqeyini də başa düşmək olar, özündən asılı olmayan səbəblərdən gündəlik hasilatı 1,6 milyon bareldən 400 min barelə düşdü. Liviyadan bundan sonra vətəndaş müharibəsi başladı. Hazırda isə ölkə hasilatı artırır.
- İlham bəy, görüşün uğursuz olmasına səbəb hansı faktorlar oldu?
Bu görüş nəyə görə uğursuz alındı. Onlar faktiki olaraq özləri bir araya gəlmədən, qeyri-OPEK ölkələri ilə görüş təşkil etdilər. Əslində təşkilat nə edəcəyini əvvəlcədən bilmirdi. Bundan başqa, İran və Liviya faktoru da görüşün uğursuz olmasına səbəb oldu.
Ancaq əslində yaxşı nəticə isə bu idi ki, bütün mart və aprelin yarısı neftin qiyməti öz real qiymətindən kifayət qədər 5-10% yuxarı bir həddə oldu.
Ülviyyə R. Əli
www.oxu.az