Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Niyə məhz 10 min? - Mehriban Əliyevanın köməkçisi aydınlıq gətirdi
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Xalid Əhədov bu fərmanla bağlı ortaya çıxmış sualları Real TV-yə müsahibəsində cavablandırıb.
- Prezident İlham Əliyevin bu fərmanı kimlərə şamil ediləcək?
- Fərman çıxan tarixədək əsas borcun qalıq hissəsi, yəni faizlər və cərimələr nəzərə alınmadan 10 min dollara və ya 17 min manatadək olan, 2012-ci ildən sonra verilən, amma fevralın 28-dək 360 gündən artıq gecikdirilən kreditlər restrukturizasiya proqramına şamil edilir.
Bu, təkcə qüvvədə olan banklara və qeyri-bank təşkilatlarına deyil, həmçinin, bağlanmış maliyyə institutlarındakı borcların da restrukturizasiyasına aiddir.
- Restrukturizasiya hansı şərtlərlə həyata keçirilir?
- Uzun müddətdir borcları gecikən müştərilərin fərman çərçivəsində indiyədək hesablanmış bütün faizləri, dəbbə və cərimələrinə güzəşt edilir. Yalnız onların kredit müqavilələrində hazırkı dövr üçün qalmış əsas məbləğ hissəsi götürülür və yeni şərtlərlə yeni müqavilə bağlanılır.
Şərtlərə gəlincə, bu kreditlərin müddəti beş il müddətinə uzadılır, yeni kreditin faiz dərəcəsi 1 faiz kimi müəyyən olunur, bu kreditlər əvvəlki kreditlərin valyutasından asılı olmayaraq, onların hamısı manatla ifadə edilir və borclara bir il güzəşt müddəti verilir. Yəni təzə müqavilə bağlandıqdan sonra müştərilər bir il ərazində kreditin yalnız faiz hissəsini ödəməli olacaqlar, kreditin əsas məbləğinin ödənişini qalan dörd il ərzində həyata keçirəcəklər.
- Nəyə görə məhz 10 min dollar məbləğ müəyyən edildi?
- Prezident İlham Əliyev keçən həftə keçirdiyi müşavirədə bu məsələdən danışdı. Bildirdi ki, hökumət bu proqram üzərində dərin təhlillər aparır. Həqiqətən, bu məsələ çoxşaxəlidir, bunun həll edilməsində bütün qabaqcıl təcrübələr öyrənilirdi. Göstərilən rəqəm problemli kreditlərin 93 faizini əhatə edir və güman edirik ki, bu, sosial ədalət prinsiplərinə uyğundur. Ona görə də bu rəqəm müəyyən edildi.
Bir məsələni də qeyd etmək istərdim. Yadınızdadırsa, əvvəlki illərdə fiziki şəxslərin götürdüyü kreditlər fərqli təyinatlar üçün istifadə edilirdi. Ancaq burada sosial ədalət prinsiplərinə uyğun olaraq və təyinatından asılı olmayaraq, bu məsələ bütün fiziki şəxslərə şamil olunur.
- Bu fərmanla əhalinin borc yükü nə qədər yüngülləşəcək?
- Fərmanın 5.1-ci bəndində 682 milyon manat vəsaitin bu məqsədlər üçün kommersiya banklarına kredit şəklində verilməsi nəzərdə tutulur.
Qeyd etmək istərdim ki, burada yalnız hazırda fəaliyyətdə olan maliyyə institutlarından söhbət gedir. Ümumiyyətlə, proqram çərçivəsində borcların restrukturizasiyası nəzərdə tutulan borcalanların sayı 400 mindən artıqdır və əsas məbləği 900 milyon manat olan kreditlərin restrukturizasiyası, çox əlverişli şərtlərlə uzadılması, dəbbə və cərimələrin keçirilməsi nəzərdə tutulur.
750 milyon manatdan artıq olan faizlər və cərimələr fərman çərçivəsində banklar tərəfindən güzəşt ediləcək. Fərman hazırda məhkəmədə olan 311 mindən çox işin aqibətini çözmüş olur. Yeni restrukturizasiya şərtlərinə əsasən, məhkəmədəki işlərə xitam veriləcək, onlar geri çağırılacaq.
Samir İsayev