Əgər əvəllər Bakı-Aktau istiqamətində ildə min maşın keçirdisə, indi bu axın bir ayda keçir.
Oxu.Az xəbər verir ki, bu barədə Ələt Beynəlxalq Dəniz Limanında jurnalistlərə Qazaxıstanın investisiyalar üzrə nazir müavini Qasımbəy Jenis bildirib.
“Biz bu gün Bakı limanı, Xəzər Gəmiçilik ilə qarşılıqlı fəaliyyət yollarını və yük axınını necə qəbul edəcəyimizi müzakirə etmək üçün gəlmişik. Yəni, biz öz qüvvələrimizi birləşdirib daha sistemli çalışmalıyıq ki, bu axını qəbul edək. Biz bu həcmin artacağını görürük. Əgər bu istiqamətin rəqabətqabiliyyətli edə bilsək, qiymətlər əlverişli, xidmət və çatdırılma vaxtı yaxşı olarsa, biz bu axını itirməyəcəyik”, - Q.Jenis deyib.
Nazir müavininin sözlərinə görə, Bakıda yük axınının necə qəbul ediləcəyi müzakirə ediləcək.
Q.Jenis əlavə edib ki, Aktau limanından Bakıya əsasən metallurgiya və neft məhsulları gətiriləcək, daha sonra isə bu məhsullar Qara dəniz regionuna göndəriləcək.
“İndi yeni yük növləri meydana gəlir ki, bu, avtomobil daşımalarıdır. Biz azərbaycanlı həmkarlarımız ilə təcrübəmizi bölüşməyə gəlmişik”.
Qeyd edək ki, Qazaxıstanın baş nazirinin birinci müavini Bakıtjan Saqintayevin rəhbərlik etdiyi heyət limanın təcrübəsi ilə tanış olmaq üçün “Beynəlxalq Bakı Dəniz Ticarət Limanı” QSC-də olub.