Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa olunub, çay öz məcrasına qaytarılıb. Bir-neçə gün bundan öncə sel suları nəticəsində dağılmış körpülər və yol hissələri “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsinin fasiləsiz əməyi nəticəsində qısa müddət ərzində bərpa olunaraq vətəndaşların istifadəsinə açılıb.
Bu barədə qurumdan Oxu.Az-a bildirilib.
“Hazırda yol boyu bərpa işləri davam etdirilir, körpülərdə betonlama işləri aparılır”, - deyə “Azəravtoyol” dan bildirilib.
Qeyd edək ki, sentyabr ayının 1-dən 2-nə keçən gecə aramsız yağan yağışlardan sonra Qudyalçayın öz məcrasından çıxması nəticəsində Quba-Xınalıq avtomobil yolunun 29 və 36-cı km-lik hissəsində yerləşən körpülər və yol dağılmış, avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayanmışdı.
Aşağıda yolun təbii fəlakətdən sonrakı və hazırki fotolarını təqdim edirik:
Ülviyyə R. Əli
www.oxu.az