Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkətin hazırda Türkiyənin ən böyük xarici investoru olduğunu nəzərə çatdıraraq bildirib ki, TANAP layihəsi, “STAR” neft emalı zavodunun inşası və “Petkim“ neft-kimya holdinqinin yenidənqurma layihələri Türkiyənin beynəlxalq enerji sənayesində önəminin daha da artmasında mühüm rol oynayacaq.
Öz növbəsində türkiyəli nazir SOCAR-ın operatorluğu ilə həyata keçirilən TANAP layihəsinin regional inkişafa mühüm təsir göstərəcəyini vurğulayıb.
“SOCAR-Türkiyə Enerji” şirkətinin rəhbəri Kənan Yavuz SOCAR-ın qardaş ölkədə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.