“Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr uzunmüddətli tarixə malikdir, ölkə şirkətlərinin nəinki Dubay bazarına, o cümlədən ətraf ölkələrin bazarlarına daxil olmağı üçün Dubay bir habdır”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumunun açılışında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.
Onun sözlərinə görə, Dubay şirkətləri də öz növbəsində MDB bazarlarına daxil olmaq üçün Azərbaycandan mərkəz olaraq istifadə edir.
“Hər iki ölkə coğrafi şəraitdən istifadə edərək investisiya imkanlarının artmasına töhfə verir. Azərbaycan bu mənada sağlam biznes imkanları təqdim edir. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri MDB məkanının bazarına daxil olmaq üçün Azərbaycandan istifadə edir.
Bundan başqa, bu il Azərbaycanda, xüsusilə, Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin üstünlüyü müşahidə olunurdu. Ölkəmizə turist kimi gələnlər sonradan burada biznes qurmaqla bağlı qərar verirlər. Bu, o deməkdir ki, Azərbaycan yalnız məhsullar satmaq üçün bazar rolunu oynamır, o cümlədən biznes həyata keçirmək üçün də əlverişli bir ölkədir. Azərbaycan Dubaydan olan dostlarını həm burada, həm də digər ölkələrdə biznes imkanlarından istifadə etməyə dəvət edir”, - deyə R.Məmmədov bildirib.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Dubay biznes forumu keçirilir.
N.O.