Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyanın “Türk axını”nın Azərbaycana təsirləri
“Türkiyə və Rusiya arasında dünən “Türk axını” ilə bağlı imzalanmış hökumətlərarası sazişə əsasən, 2 boru kəmərinin tikintisi nəzərdə tutulur.
Bunlardan biri - 15,75 milyard m3-lik boru kəməri Türkiyə bazarına, digəri isə Türkiyə üzərindən keçməklə Avropaya istiqamət götürməlidir.
İkinci boru kəməri üzrə bir çox detallar sənəddə öz əksini tapmayıb. Sənəddə bildirilir ki, birinci boru kəməri üzrə quru hissəsinin sahibi türk şirkətidir, ancaq ikinci haqda isə hələ ortaq fikir yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bu haqda Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
“Rusiya tərəfi hansısa birgə şirkətin və ya əməliyyat şirkətinin yaradılacağını istisna edirlər. Ona görə ki, ikinci boru kəməri yalnız o zaman reallaşa bilər ki, Rusiya Avropa Komissiyası ilə tam razılığa gəlsin. Bu isə Ukraynadan tranzit, “Şimal axını-2” kimi layihələrin müzakirəsindən keçir.
Yəni konsensusun necə əldə edilməsi Türkiyə üzərindən keçəcək borunun taleyində əks olunacaq. Ona görə də “Türk axını” layihəsinin Cənub Qaz Dəhlizi layihəsinə birbaşa hansısa təsirini qabartmaq düzgün olmazdı.
Türkiyə bazarına “Türk axını” ilə faktiki olaraq 2020-ci ildə hazırda Transbalkan boru xətti ilə nəql edilən rus qazından 1,5-2 milyard kubmetr çox qazın artması planlaşdırılır. Bu elə də böyük həcm deyil, ancaq bir faktoru nəzərə almaq lazımdır ki, Rusiya qazının qiyməti Azərbaycan qazının həm regiondakı, həm də xarici bazarlardakı qiymətinin formalaşmasına ciddi təsir edən amillərdən biridir.
Rusiyanı Qərb zaman-zaman dempinq siyasəti yürütməkdə, qazdan bir siyasi alət kimi istifadədə günahlandırır. Bunun bariz nümunəsi kimi Karnegi Fondunun son araşdırmasını göstərmək olar.
Rusiyanın “Qazprom” şirkəti 2016-cı ildə ABŞ-ın Avropa bazarına maye qaz ixracını əngəlləmək üçün artıq özünün boru kəməri ilə satdığı qazın qiymətini Qərbi Avropa ölkələri üçün kəskin ucuzlaşdırıb.
Məsələn, cari ilin avqustunda Almaniyada qazın hər 1000 kubmetrini 150 dollardan satıb. Yəni Rusiya bazarlar uğrunda mübarizədə özünün imkanlarını nəzərə alsaq, bəzən müəyyən zaman çərçivəsində hətta maya dəyərindən aşağı belə qaz satmağa gedir. Belə riskli faktorları Xəzər hövzəsindən 3500 km uzaqlıqda yerləşən bazarlara qaz çıxaran şirkətlər daim nəzərə almalıdırlar”, - deyə mütəxəssis bildirib.
U.A.
www.oxu.az