Mineral Ehtiyatların Hasilatı ilə Məşğul Olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) yeni standartlarına əsasən, artıq hər bir şirkət hesabatını fərdi şəkildə hazırlayacaq. Bu da o deməkdir ki, hər bir şirkətin dövlətə ödədiyi vəsaitlər ayrı-ayrılıqda dərc ediləcək.
Oxu.Az SİA-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, daha öncə tələb bu idi ki, şirkətlər tərəfində ümumiləşdirilmiş hesabat beynəlxalq MHŞT-yə təqdim edilsin:
“Lakin yeni MHŞT standartında göstərilib ki, hesabatlar fərdi qaydada hazırlansın və dərc olunsun. Hazırda MHŞT-də 40-a yaxın ölkə iştirak edir və bu standartın tələbini üzv ölkələrin hər biri yerinə yetirməlidir. Bu yenilikdir və Azərbaycan da bu yeniliyi həyata keçirməyə hazırdır. Növbəti hesabat 2013-cü ili əhatə edəcək və bu hesabatda artıq Azərbaycanda fəaliyyət göstərən hər bir şirkət ayrılıqda iştirak edəcək”.
Rəsmi onu da deyib ki, MHŞT korrupsiyaya qarşı mübarizənin bir istiqamətidir:
“Bu təşəbbüsdə irəlidə gedən ölkə olaraq Azərbaycan korrupsiya ilə mübarizədə də irəlidən gedən dövlətdir”.