OPEC-in xam neft istehsalı may ayında əvvəlki ayla müqayisədə gündə 35 min barel artaraq, gündəlik 31 milyon 870 min barel təşkil edib.
Oxu.Az xəbər verir ki, OPEC-in Neft Bazarı Hesabatına görə, qlobal neft tədarükü may ayında aprel ayı ilə müqayisədə gündəlik 270 min barel artaraq, 97 milyon 860 min barel olub.
OPEC-ə daxil olmayan ölkələrdə isə neft hasilatı gündəlik 100 min barel artaraq, 59 milyon 750 min barelə çatıb.

Hasilatın azaldılması nəticəsində təşkilatın dünya neft istehsalında payı 32,6 faiz olub.
Ötən ay OPEC-ə daxil olan ölkələr arasında xam neft istehsalını ən çox artıran ölkə Səudiyyə Ərəbistanı olub. Ölkədə gündəlik istehsal 85 min 500 barel artaraq, 9 milyon 987 minə yüksəlib.
Hasilat daha çox Nigeriyada azalıb. Gündəlik istehsal ölkədə 53 min 500 barel azalaraq, 1 milyon 711 minə geriləyib.
OPEC-in proqnozlarına görə, qlobal neft tələbatı ötən illə müqayisədə 1 milyon 650 min barel yüksələrək, gündəlik 98 milyon 850 min barelə çatacaq.
L.Ə.
www.oxu.az