SOCAR-a məxsus Kulevi neft terminalı 2015-ci ilin I rübündə 700 min ton neft, neft-kimya və neft məhsulları nəql edib, bu isə 2014-cü ilin analoji dövrünün göstəricisindən 20% çoxdur.
Bu barədə Oxu.Az-a terminaldan məlumat verilib.
“Fəaliyyətə başladığı 2008-ci ildən 2015-ci ilin aprel ayına qədər Kulevi terminalı vasitəsilə neft, neft-kimya və neft məhsullarının daşınma həcmi 18 mln. ton təşkil edib. Bunun 27,85%-i yanacaq yağları, 21,63%-i xam neft və 43,98%-i qazoylun, qalan həcm aviasiya yanacağı, propilen və metanolun payına düşüb”, - deyə, məlumatda vurğulanır.
Terminal nəql həcmlərinin artırılması istiqamətində işini davam etdirir.
Məlumat üçün bildirək ki, Kulevi neft terminalı və limanı Gürcüstan Respublikasının Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminalın 2006-cı ildə alınması və 2008-ci ildə tikintisinin başa çatdırılması, SOCAR-ın Gürcüstan ərazisindəki ən əhəmiyyətli investisiya yatırımlarından biridir. Kulevi neft terminalı və limanı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.