Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) aparılan struktur islahatları ilə bağlı ictimaiyyət nümayəndələrinə daha geniş məlumat verilməsi və fikir mübadiləsi aparılması məqsədi ilə şirkətin insan resursları Departamentində vətəndaş cəmiyyətinin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə SOCAR-ın insan resursları Departamentinin rəisi Asif Bəkirli şirkətin strukturunun təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumatlandırıb.
Onun sözlərinə görə, bu dəyişikliklər müvafiq dövlət qurumlarının, beynəlxalq audit şirkətlərinin, şirkətin öz mütəxəssislərinin, həmçinin ekspertlərin rəyləri və təklifləri əsasında gerçəkləşdirilir.
Qeyd olunub ki, struktur islahatları zamanı proseslərin düzgün şəkildə idarə edilməsi SOCAR prezidenti ilə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri tərəfindən imzalanmış əmr-qərar, habelə “SOCAR-ın bəzi müəssisələri üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması üçün tədbirlərin görülməsi barədə” və “SOCAR-ın qurumlarında struktur dəyişikliklərinin aparılması prosesinin tənzimlənməsi barədə” əmrlər və digər sənədlərə əsasən aparılır.
“Elə bunun özü də şirkətdə həmin məsələlərə nə dərəcədə diqqətlə yanaşılmasını təsdiq edir”.
Qeyd edilib ki, SOCAR-ın 2014-cü il 17 yanvar tarixli əmri ilə təsdiq edilmiş proqram vasitəsilə sərbəstləşən işçilərlə (təqaüd yaşına çatmış şəxslər və SOCAR-ın digər proqramlarının iştirakçıları istisna olmaqla) mütəmadi iş aparılacaq və onların yeni iş yerləri ilə təmin olunmaları üçün davamlı tədbirlər görüləcək.
“Bu proqrama qoşulmuş sərbəstləşən işçilərə 1 illik proqram dövründə orta aylıq əməkhaqqının 50 faizi həcmində aylıq müavinətin ödənilməsi, könüllü tibbi sığorta üzrə təminatın tibbi sığorta müqaviləsinin tələblərinə uyğun saxlanılması, sərbəstləşən işçilərin mövcud və təklif olunacaq iş yerinin qiymətləndirilməsi, yerləşdirilməsi üçün iş yerlərinin axtarılması, ixtisasartırmaya ehtiyacı olan işçilərin müəyyən edilməsi və onlar üçün təlimlərin təşkili kimi mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Həmçinin bildirilib ki, artıq sərbəstləşən işçilərin SOCAR-ın digər qurumlarında mövcud vakansiyalar üzrə müsabiqə yolu (test və ya peşə sınaq imtahanı) ilə yerləşdirilməsi prosesinə başlanılıb”.
Həyata keçirilən tədbirlər nəticəsində sərbəstləşən işçilərə yuxarıda qeyd edilən proqrama qoşulmaq və ya orta aylıq əməkhaqqının 5 misli məbləğində birdəfəlik kompensasiya ödənilməklə işdən azad olunmaq təklif edilir.
Məlumatda deyilib ki, bu işlərin ədalətli, şəffaf və obyektiv şəkildə icrasının təmin edilməsi məqsədilə sərbəstləşən işçilərin siyahısı dəqiqləşəndən dərhal sonra onların e-mail ünvanlarına SOCAR-da yaradılmış işçi komissiyasının sədrinin elektron poçt ünvanı, eləcə də birbaşa əlaqə saxlamaları üçün qaynar xətt nömrələri yaradılıb.