“İpoteka krediti alan şəxslərin gəlirlərini bölüşdürdükdə belə nəticəyə gəlmək olar ki, belə kreditləri alan ortagəlirli sakinlərin sayı azdır.
Faktiki olaraq, ipoteka krediti alan şəxslərin 8 faizinin aylıq məvacibi 500 manatdan aşağıdır. İpoteka krediti alanlar arasında ən böyük qrup isə aylıq məvacibi 1100 manatdan yuxarı olanlardır”.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair “Strateji Yol Xəritəsi”ndə əksini tapıb.
“Bakı şəhərində verilmiş ipoteka kreditinin maksimum məbləği 50 min manatdır. Digər rayonlarda isə bu rəqəm 27 min manat təşkil etmişdir.
Azərbaycanda ödənilməyən ipoteka kreditinin qeyri-neft sektoru üzrə ÜDM-də xüsusi çəkisi və əhalinin ipoteka kreditindən istifadə səviyyəsi digər ölkələrlə müqayisədə aşağıdır.
Ona görə də, ölkədə ailələrin müxtəlif gəlir səviyyələrinə uyğun kredit təklif edən ipoteka bazarının inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Hazırda adi ipoteka kreditləri üçün 8, güzəştli ipoteka kreditləri üçün isə 4 faiz dərəcəsi tətbiq edilir. Güzəştli ipoteka kreditlərinin 78 faizi hərbi qulluqçulara verilmişdir.
Qabaqcıl dünya təcrübəsi göstərir ki, Azərbaycanda mənzil təminatı üçün nəzərdə tutulan maliyyə sektoru üç mərhələdə inkişaf etdirilə bilər: əlverişli mühitin inkişafı, əsas bazarın fəaliyyətə başlaması və ipoteka kreditlərinin kapital bazarları vasitəsilə maliyyələşdirilməsi”, - deyə sənəddə qeyd edilib.
U.A.
www.oxu.az