“Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi çərçivəsində Qazaxıstan, Azərbaycan və Türkiyə ərazilərindən keçərək, Çin və Avropa arasında telekommunikasiya tranzit xəttinin tikilməsi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu fikirlər Rusiya Federasiyasının Rabitə Nazirliyində TASİM layihəsi müzakirəsi zamanı səsləndirilib.
“Həmçinin Qazaxıstan və Azərbaycan arasında Xəzəraltı xəttin çəkilişi alternativ variant kimi mövcuddur”- məlumatda deyilir.
Qeyd edək ki, TASİM layihəsi Avrasiya regionunu əhatə etməklə Qərbi Avropadan Şərqi Avropaya qədər uzanan, müasir magistral şəbəkəsinin çəkilişini nəzərdə tutur.
Xatırladaq ki, TASİM layihəsi haqqında bəyannamə 11 noyabr 2008-ci il tarixində Bakıda keçirilən Nazirlərin Regional görüşündə qəbul edilib. Rabitə Administratorları Rəhbərləri Şurasının 41-ci iclasında müzakirə olunub. Bununla yanaşı, layihə 2009-cu ildə kommunikasiya sahəsində fəaliyyət göstərən Regional Rabitə Administratorları Rəhbərləri Şurasının 41-ci iclasında müzakirə olunub.