Rusiyadan Türkiyənin qərbinə çəkiləcək “Türk axını” qaz kəmərinin ilk mərhələsi 2016-cı ilin sonunda işə salınmalıdır, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
Rusiyanın qaz istehsalçısı “Qazprom”un mətbuat xidmətinin məlumatına görə, şirkətin rəhbəri Türkiyənin energetika naziri Taner Yıldızla danışıqlardan sonra bəyan edib:
“Bu gün çox konstruktiv və mühüm danışıqlar baş tutdu. “Türk axını” üzrə qazın ixracına 2016-cı ilin dekabrında başlamaq barədə razılıq əldə olunub. “Qazprom” “Türk axını” layihəsi üzrə iş qrafikində əldə olunmuş razılaşmalardan çıxış edəcək”.
“Türk axını”nın ilk mərhələsi Türkiyənin qərbini təchiz edəcək. Növbəti üç mərhələ Ukrayna tranzitini əvəzləyərək, Mərkəzi və Cənubi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub.
“Qazprom” tikintiyə başlamaq üçün yüksək hazırlıq vəziyyətindədir. Lakin Türkiyə indiyədək layihə üzrə öz sularında araşdırma aparılmasına, həmçinin tikintinin başlamasına icazə verməyib.