Rəsmi Kiyev ehtiyacı xaricindəki mövcud qaz anbarlarından istifadəni Türkiyənin ixtiyarına verməyə hazırdır.
Türk şirkətləri ilə Qərbi Ukraynadakı anbarlarımızı istifadə etmələri üçün çalışırıq. Hazırda razılıq əldə edilməsə də belə, Ukraynanın Naftoqaz şirkəti ilə Türkiyənin BOTAŞ-ı arasında danışıqlar davam edir.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Ankaradakı səfiri Sergiy Korsunsky Türkiyə və Ukraynanın enerji gündəmində olan məsələləri müzakirə edərkən deyib.
Türkiyənin Rusiyadan illik 27 milyard kub metr qaz aldığını xatırladan səfir bildirib ki, Rusiya ilə əlaqələri dərhal kəsmək Türkiyə üçün mümkün olmayacaq:
“Rusiyadan qeyd etdiyim kimi illik 27 milyard kub metr təbii qaz alınır. Bunun yerini isə satın alınan NLG (maye qaz) ilə doldurmaq olmayacaq. Daha çox Azərbaycan və Türkmən qazı idxal etmək lazımdır. Türkiyədə alınan qazın saxlanılması çox çətindir. Bu səbəblə də biz Türk şirkətləri ilə birgə Qərbi Ukraynadakı qaz anbarlarını istifadə etmək niyyətindəyik”.
Səfir qeyd edib ki, Ukraynanın qaz anbarlarında qazın saxlanılması tutumu 34 milyard kub metrdir:
“TANAP-dan gələn qazın saxlanılması üçün işlər görüləcək. Hüquqi olaraq heç bir sıxıntı olmayacaq. Öncə alternativ ölkələrdən Türkiyəyə qaz idxal etmək lazımdır, sonra isə qaz anbarları istifadəyə hazır vəziyyətdə olmalıdır.
Yaz aylarında göndərilən qaz qış fəslində istifadə olunacaq. Yerdə qalan miqdar isə Avropaya satılacaq. Bu heç kim üçün problem olmayacaq. Ukraynanın qaz anbarlarında qazın saxlanılma tutumu 34 milyard kub metrdir”.
S.Korsunsky Ukrayna anbarlarında saxlanılan qazın eyni həcmdə geri qaytarılacağına da təminat verib:
“Alın istifadə edin. Həmin anbarlarda nə qədər qaz saxlaınılırsa, o həcmdə də qazın geri qaytarılacağına təminat veririk. Bizim hazırda ehtiyacımız 16-17 milyard kubmetrd qazdır. Geridə qalan 17-18 milyard kub metr həcmdə olan qaz anbarları Türkiyə tərəfindən istifadə edilə bilər”.
Ülviyyə R. Əli
www.oxu.az