Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsilə bu gün keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondunun satışa çıxardığı valyuta kütləsinin həcmi 50 milyon dollar təşkil edib.
Halbuki, hərracda iştirak edən kommersiya banklarının faktiki tələbatı bundan təxminən on dəfə çox olub və 500 milyon dolları ötüb. Lakin yekunda bunun yalnız 49,1 milyon dolları satılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hərraca çıxarılan valyutanın hamısının satılmaması texniki səbəblərdən baş verib.
Çünki kommersiya bankları nağd valyuta bazarından hazırda 1 ABŞ dollarını 1,63 manata almağa razıdırlar. Hərracda isə məzənnənin sabah, avqustun 3-nə 1,5915 AZN/USD olması ehtimal edilir.
Qeyd edək ki, bugünkü valyuta hərracında alıcı qismində 29 kommersiya bankı iştirak edib və hərraca çıxarılan valyutanın 98,2%-i və ya 49,1 milyon dollar satılıb.